Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir

Автор работы: Пользователь скрыл имя, 21 Апреля 2014 в 23:45, дипломная работа

Краткое описание

Dərs vəsaitində menecmentin mahiyyəti açıqlanmış, idarəetmənin tarixi və məktəblər haqqında məlumatlar verilmiş, menecerlərin funksiyalarından bəhs edilmişdir. Kitabda idarəetməyə elmi cəhətdən yanaşılmış, müəssisələrin təşkilati quruluşu, idarəetmə üsulu və üslubu, menecmentin prinsipləri, təsərrüfat subyektlərinin təşkilati – hüquqi formaları və onların idarə olunması haqqında məlumatlar verilir. Menecmentə elmi yanaşma idarəetmə fəaliyyətinə, idarəetmə prosesinə, onun funksiya, metod və prinsiplərinə elmi-nəzəri baxışların məcmusu kimi başa düşülür.

Вложенные файлы: 1 файл

Дипломная работа_Векторная связь в производственных мощностях и объемы производства цинка.docx

— 320.81 Кб (Скачать файл)

Daxili motivləri aşağıdakı kimi təsnifləşdirmək olar:

1)  Təhsil (ali, orta ixtisas, peşə, orta).

2)  Dünyagörüşü (biliklər, bacarıqlar, vərdişlər).

3) Davranış motivləri (xarakter, səylər, maraqlar cəhd, qətiyyət,).

4) Psixoloji keyfiyyətlər (təşəbbüskarlıq, diqqətlilik, həssaslıq).

Təhsil biliklərin insana aşılanmasında rol oynayır. İnsan malik olduğu təhsilin formasına görə idarəetmə və əmək fəaliyyətində vəzifələrə nail olur. Məsələn idarəetmə fəaliyyəti ilə məşğul olmaq üçün ali təhsil almaq məqsədəuyğun hesab edilir.

İnsanın dünyagörüşü dedikdə, onun nail olduğu biliklər, bacarıqlar və vərdişlər başa düşülür.

Bilik təbiət, cəmiyyət və idraka aid olan məlumatların, qanun və qanunauyğunluqların məcmusudur. Bacarıq biliklərin həyatda və fəaliyyətdə tətbiqidir. Vərdiş isə bacarığın avtomatlaşdırılmış formasıdır. Məsələn avtomobil sürmək, paltar tikmək, musiqi alətində ifa etmək, dəzgah, avadanlıq və texniki vasitələrdə çalışmaq və s.

Qabiliyyət isə fəaliyyətin müvəffəqiyyətli icrasının şərti olub, onun üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasının fərdlərdə təzahürüdür. Qabiliyyətli insanlar bilik, bacarıq və vərdişlərə sürətlə yiyələnirlər.

Xarakter insanın fərdi-psixoloji xüsusiyyətlərindən biri kimi daxili motivasiya amilləri içərisində böyük əhəmiyyət kəsb edən ünsürlər toplusuna aiddir. İnsanın xarakteri ailədə, əmək kollektivində, cəmiyyətdə formalaşır və davranışın təsir vasitəsinə çevrilir. Xarakter insanda özünü davamlı formada büruzə verir. Məsələn insan iş yoldaşları ilə bir dəfə humanist davranmaqla ona humanist insan demək olmaz. Əgər bu xüsusiyyət davamlı formada onun davranış tərzində müşahidə olunursa, həmin insan humanist xarakterli insan kimi qəbul oluna bilər. Xarakterik əlamətlər 4 cür təsnifləşdirilir:

1) Kollektivə və insanlara münasibəti ifadə edən xarakterik əlamətlər (kollektivçilik, humanistlik, xeyirxahlıq, qayğıkeşlik, sədaqətlilik, səmimilik, diqqətlilik, sadəlik, nəzakətlilik, ədalətlilik);

2) Əməyə münasibəti ifadə edən xarakterik əlamətlər (əməksevərlik, işgüzarlıq, məsuliyyətlilik);

3) İnsanın özünə münasibətini ifadə edən xarakterik əlamətləri (təvazökarlıq və ya şöhrətpərəstlik);

4) Əşyalara münasibəti ifadə edən xarakterik əlamətlər (səliqəlilik, ehtiyatlılıq, qayğıkeşlik və s.).

Daxili motivlərlə bərabər insanın motivləşməsində xarici motivlərin də rolu böyükdür.

Xarici motivlərin mənbəyi müəssisənin rəhbərliyi, müştərilər, tərəfdaşlar, sifarişçilər hesab olunurlar. Xarici motivlər 2 cür qruplaşdırılır. Maddi və mənəvi.

Maddi motivlərə əmək haqqı, əlavə əmək haqqı mü-kafatlar, maddi yardımlar və s. aiddir. Mənəvi motivlərə isə tərifnamələr, fəxri fərmanlar, diplomlar, orden və medallar, fəxri adlar və s. aiddir.

Xarici motivlərin köməyi ilə motivləşmənin iki üsulu mövcuddur. Qamçı və qoğal üsulu.

Qoğal üsulu iqtisadi üsul hesab edilir. Rəhbər işçi çalışdığı təşkilat ilə əmək müqaviləsi bağlayır. İşçi ona  aid olan vəzifələri və üzərinə düşən öhdəlikləri yerinə yetirdiyinə görə əmək haqqı alır. Qoğal üsulu işçiyə əmək fəaliyyətində həvəsləndirici təsir göstərir. Bu üsul rəhbərlik tərəfindən işçiyə göstərilən sosial-iqtisadi təsiri xarakterizə edir. Deməli, qoğal üsulu sosial və iqtisadi üsullar vasitəsilə insanların əmək fəaliyyətində fəallığının artırılmasına yönəldilən üsullar sistemidir.

Qamçı üsulu isə inzibati üsuldur. Əgər işçi ona tapşırılan işi layiqincə yerinə yetirmirsə, işə “dırnaqarası” münasibət bəsləyirsə, onda qamçı üsulu tətbiq edilir. Qamçı üsulu işçini qorxutmaq, onu iqtisadi sanksiyalarla, digər inzibati tədbirlərlə hədələmək, hətta həmin sanksiyalara və təsirlərə  məruz qoymaqla onun əmək fəaliyyətində fəallığını məcburi qaydada artırmağa yönəldilmiş üsullardan ibarətdir. Qamçı üsuluna, həmçinin işçiyə şifahi və rəsmi xəbərdarlıq, töhmət elan edilməsi, əmək haqqının aşağı salınması,  vəzifəsinin aşağı salınması, iqtisadi sanksiyalar tətbiq olunması, şifahi tənbehləri aid etmək olar.

 

 




 











 

3.4.Marketinq funksiyası

 

Marketinq menecmentin funksiyası olmaqla, tələb-təklif münasibətlərini araşdırmaq və bu münasibətdən doğan zəruri istehsalı müəyyən etmək, istehsalın həyata keçirilməsini təmin etmək, hazır məhsulun satışını həyata keçirmək fəaliyyətidir.

Marketinq “market” sözündəndir, hərfi tərcüməsi bazar deməkdir. Marketinqə aşağıdakı tərifləri vermək olar:

  • marketinq əmtəələrin istehsalçılardan istehlakçılara çatdırılması ilə əlaqədar fəaliyyəti əhatə edir;

  • marketinq bazarın tələbatının öyrənilməsinə və onun aktiv fəaliyyətinə yönəldilmiş idarəetmənin alt sistemidir;

  • marketinq ehtiyacların və tələbatın tədavül vasitəsilə ödənilməsinə yönəldilmiş insan fəaliyyətinin növüdür;

  • marketinq bazarın idarə edilməsinin konsepsiyasıdır.

Göründüyü kimi, verilən təriflər marketinqin müxtəlif cəhətlərini ifadə edir. Marketinq fəaliyyəti, həmçinin əmtəələrin işlənib hazırlanmasından, bazar tədqiqatlarının aparılmasından, əlaqələrin yaradılmasından, bölgünün təşkilindən,  reklam və servis xidmətlərinin inkişaf etdirilməsindən ibarətdir.

Bəziləri marketinqin yalnız satış və reklamdan ibarət olduqlarını düşünürlər. Marketinq prosesi istehlakçılarla başlayır, istehlakçılarla davam edir və istehlakçılarla da bitir. Deməli, təşkilatlar istehsala başlamamışdan əvvəl istehlakçı tələbatını öyrənməli, istehsalı bu tələbatın ödənilməsinə uyğun qurmalı, sonra istehsal olunmuş məhsulu reallaşdırmaq haqqında düşünməlidirlər. Marketinq bazarda tələbatı öyrənən, bu məqsədlə istehsalı müəyyənləşdirən, istehsal olunmuş məhsulun satışını təşkil edən, nəhayət tələbatı ödəməklə gəlir əldə etməyi təmin edən fəaliyyətdir.           

  Marketinq insan ehtiyaclarının və tələbatının ödənilməsi məqsədi ilə mübadilənin baş verməsi üçün bazarda aparılan işdir. Mübadilə prosesi zəhmət tələb edir. Satmaq istəyən hər bir kəs alıcıları axtarmalı, onların ehtiyaclarını aşkar etməli, müvafiq malları layihələşdirməli, anbarlaşdırmalı, alıcılara təqdim etməli, qiymətləri razılaşdırmalıdırlar. Marketinq konsepsiyası müəssisənin bazarla əlaqədar fəaliyyətinin bütün mərhələlərinin nəzəri əsasını təşkil edir. Marketinq konsepsiyası müəssisələrin satış fəaliyyətinin təşkilinə olan baxışı əks etdirir. Marketinq konsepsiyası aşağıdakı alt konsepsiyaların məcmusundan ibarətdir:

  1. İstehsalın təkmilləşdirilməsi konsepsiyası. 

  1. Əmtəənin mükəmməlləşdirilməsi konsepsiyası.

  1. Kommersiya səylərinin gücləndirilməsi konsepsiyası.

  1. Sosial-etik konsepsiya.

  1. Bazar konsepsiyası.

Rəqabətin, elmi texniki tərəqqinin (ETT) geniş vüsət aldığı hazırkı dövrdə istehsal daim təkmilləşir, bazara yeni məhsullar daxil olur. Buna görə də, müəssisə rəqabətə davam gətirmək üçün öz istehsalını təkmilləşdirməyə məcburdur. İstehsal konsepsiyası ETT-nin istehsala tətbiqini, yeni texnika və texnologiyalardan istifadə olunmasını tələb edir. İstehsal konsepsiyasına aşağıdakı hallarda ehtiyac duyulur:

  1. Tələb təklifi üstələdikdə. (Bu zaman istehsalın həcmini artırmaq lazım gəlir).
  2. Əmək məhsuldarlığını artırmaq lazım gəldikdə.
  3. İnnovasiyalara ehtiyac duyulduqda.

İstehsalın təkmilləşdirilməsi ilə müəssisə və təşkilatlar aşağıdakılara nail olurlar:

1. Müəssisəyə yeni texnika və texnologiyalar cəlb olunmaqla, əsas vəsaitlər yenilənir.

2. Əl əməyinin daha da yüngülləşdirilməsinə nail olunur.

3. Əmtəənin maya dəyərinin aşağı salınmasına nail olunur.

4. Məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinə təsir olunur.

Bu halda müəssisənin rəqabət qabiliyyəti yüksəlir və onlar bazara rəqabətə davamlı məhsullar çıxarmaq imkanına malik olurlar.

Lakin müəssisə malların rəqabətə davamlılığını artırmaq üçün ikinci konsepsiyanı həyata keçirməlidir. İkinci konsepsiya məhsul (əmtəənin mükəmməlləşdirilməsi konsepsiyası) konsepsiyasıdır. İstehsalçılar bazarda yeni məhsullara, əlverişli və münasib qiymətə satılan mallara daha çox üstünlük verirlər. Çünki istehsalın təkmilləşdirilməsi çox vaxt əmtəələrin mükəmməlləşdirilməsinə gətirib çıxarmır. Bu konsepsiya yeni, mütərəqqi, daha keyfiyyətli, yaxşı görünüşə və novator xüsusiyyətlərinə, yüksək texniki – iqtisadi göstəricilərə malik əmtəələrin istehsalına nail olur. Məsələn 30 il bundan əvvəl istehlakciların mobil telefon, internet, DVD pleyer haqqında heç təsəvvürləri belə yox idi. Hər iki konsepsiya məhsul istehsalını artırmaq, keyfiyyətini yüksəltmək, əmək məhsuldarlığını artırmaq, maya dəyərini aşağı salmaq, rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.

Marketinq  bir əməliyyat kimi istehsala qədərki və  istehsaldan sonrakı mərhələlərdə və proseslərdə iştirak edir. Marketinqin əsas vəzifəsi tələb və təklifi öyrənməklə bazara məhsul çıxarılmasını və satışı təmin etməkdən ibarətdir. Bununla bağlı olaraq üçüncü konsepsiyanın- satış konsepsiyasının (kommersiya səylərinin gücləndirilməsi konsepsiyası) həyata keçirilməsi məqsədə uyğundur. Çünki satış sahəsində öz səylərini gücləndirməklə, müəssisə və təşkilatlar  satışdan əldə edilən gəlirin həcminin artırılmasına nail olurlar ki, bu da yüksək mənfəət əldə edilməsinə və geniş təkrar istehsalın təmin olunmasına səbəb olur. Satış konsepsiyasının məqsədi istehsal olunmuş məhsulu satmaqdan ibarətdir. Bunun üçün konsepsiya satış sövdələşmələrinin həyata keçirilməsinə, alıcıları məhsuldan razı qalacaqlarından inandırmağa çalışır. Amma bu olduqca riskli işdir. Çünki alıcı  razı qaldığı təqdirdə, həmin mal və xidmətlərin keyfiyyətindən 5-6 nəfərə razılığını bildirirsə, narazı qaldığı təqdirdə isə öz narazılıqlarını 10-15 nəfərə bildirir. Alıcının narazılığı bu konsepsiya üçün olduqca qorxulu haldır.

Satış konsepsiyası aşağıdakı funksiyaların həyata keçirilməsini tələb edir:

1) bazarda müəssisənin imicinin formalaşdırılması;

2) rəqabət qabiliyyətinin artırılması;

3) məhsul və xidmətlərin reklam olunması;

4) satış zamanı alıcılarla ünsiyyət və etik davranış mədəniyyəti;

5) endirimlərin tətbiq olunması.

Sosial konsepsiyanın (sosial-etik konsepsiya) əsas vəzifəsi məqsədli bazarların ehtiyaclarını, tələbatlarını müəyyənləşdirmək və ödənilmə səviyyəsini daha səmərəli və məhsuldar formada təmin etməkdir. Sosial-etik konsepsiya marketinq fəaliyyətinin sosial və etik tərəflərinin tətbiqini və inkişafını nəzərdə tutur. Sosial konsepsiya dedikdə, bazarlarda istehlakçıların tələbatının, onların istehlak qabiliyyətinin, ehtiyaclarının düzgün müəyyən olunması və bununla əlaqədar olaraq alıcıların mənafeyinə və tələbatına uyğun əmtəələrin istehsalının həyata keçirilməsi başa düşülür.

Sosial marketinq konsepsiyası insanların qısa müddətli istəkləri və uzun müddətli rifahı arasındakı ziddiyyətləri nəzərdən keçirməyi və aradan qaldırmağı tələb edir. Biz istəklərlə sosial rifah arasında ziddiyyət dedikdə, nəyi nəzərdə tuturuq? Məsələn “Mac Donalds” restoranlar şəbəkəsi insanların istəklərini, tələbatını nəzərə alaraq sürətli qidalanma mexanizminə əsaslanaraq alıcılarına münasib qiymətlərlə, dadlı yeməklər təklif edir. Lakin, sosioloqlar həmin yeməklərin yağlı olmasını tənqid edirlər. Çünki bu cür qidalar nəticədə insanların orqanizminin piylənməsinə səbəb olur. Yəni istehlakçıların bugünki  tələbatına uyğun istehsal edilmiş məhsul onun daimi sosial rifahına xidmət etməlidir.

Bazar konsepsiyası bazarda tələb-təklifi öyrənmək və bunun əsasında bazar üçün məhsul istehsal olunmasını  özündə əks etdirir. Marketinq konsepsiyası sırf bazarla əlaqədar olub müştəri yönümlü konsepsiyadır. Əgər əvvəlki 3 konsepsiya “istehsal et və sat” fəlsəfəsinə xidmət edirsə, marketinq konsepsiyası “düşün və al” fəlsəfəsini dəstəkləyir. Bu konsepsiyanın əsas vəzifəsi öz məhsulumuza uyğun müştəri tapmaq deyil, öz müştərimizə uyğun məhsul tapmaqdır. Bu konsepsiya müştəri dəyərlərinə və məmnunluğuna əsaslanan uzun müddətli müştəri əlaqələrini yaratmaqla mənfəət əldə etməyi nəzərdə tutur. Bu konsepsiya müştərilərin ehtiyaclarını və tələbatlarını öyrənir. Deməli, əvvəlki 3 konsepsiya bu konsepsiyadan bəhrələnir. Çünki qurulmuş istehsal, istehsal edilmiş məhsul və satış prosesi insan tələbatının ödənilməsinə xidmət edir.

Marketinqin funksiyaları müəssisələrin qarşıya qoyduqları məqsədlərə çatmaq üçün marketinq sahəsində həyata keçirdikləri vəzifələrin məcmusudur. Marketinqin funksiyaları aşağıdakılardan ibarətdir:

    1. Bazarın kompleks tədqiqi və bunun əsasında müəssisənin elmi-texniki siyasətinin işlənib hazırlanması.

    1. Məhsulun çeşidinin planlaşdırılması. Yəni  müəssisədə neçə çeşiddə, nə qədər məhsul istehsalı nəzərdə tutulur.

    1. Satışın intensivləşdirilməsi. Yəni reklamların, sərgilərin, yarmarkaların təşkili və satış sahəsində motivləşmənin həyata keçirilməsi.

    1. Məhsulun bölüşdürülməsi və satışı. Yəni satışın planlaşdırılması və həyata keçirilməsi.

    1. Satışdan sonrakı xidmətlərin təşkili. Yəni satışdan sonra malların daşınması, quraşdırılması, servislərin göstərilməsi, zəmanətlərin verilməsi və s. 

    1. Yeni istehlakçıların formalaşdırılması. Yəni istehsalçılar elə məhsullar istehsal etməlidirlər ki, həmin məhsullar alıcıların tələbatına uyğun olmalıdır və insanlar həmin məhsulların istehlakçılarına çevrilməlidirlər.

İstənilən firma bazar imkanlarını aşkar etməyi bacarmalıdır. Heç bir firma əbədi olaraq özünün indiki əmtəələrinə və bazarlarına arxalana bilməz. Firmalar təsdiq edə bilər ki, onların satışının və mənfəətinin əksər hissəsi yeni məhsulların yaradılması hesabınadır. Yeni imkanların axtarışı ilə müəssisələr ya vaxtaşırı, ya da müntəzəm məşğul ola bilərlər. Bir çoxları yeni ideyaları sadəcə olaraq bazarda baş verən dəyişiklikləri diqqətlə izləməklə axtarıb tapırlar. Şirkət rəhbərləri qəzetləri oxuyur, ixtisaslaşdırılmış sərgilərə gedir, rəqiblərin əmtəələrini öyrənir, digər yollarla bazar informasiyalarını toplayırlar.

Marketinq strategiyası müəssisəsinin əsas fəaliyyət strategiyasına aid olub, aşağıdakı alt strategiyaları özündə birləşdirir:

1) Bazarın strateji məqsədlər naminə tədqiqi;

2) Əmtəə strategiyası;

3) Məqsədli bazarların seçilməsi;

4) Qiymət strategiyası;

5) Rəqabət strategiyası.

Hər bir müəssisə bazarlarda mövqeləri ələ almaq, onları qoruyub saxlamaq üçün özünün marketinq strategiyasını işləyib hazırlayır. Marketinq strategiyasının ana xəttini rəqabət strategiyası təşkil edir.

Rəqabət latın sözü olub, toqquşma deməkdir. Rəqabət iqtisadi tərəqqinin hərəkətverici qüvvəsi olub, cəmiyyət üzvləri arasında yaşamaq və mövcud olmaq uğrunda mübarizədir. Rəqabət əmtəələrin istehsalı və realizə edilməsi uğrunda bazar təsərrüfatının subyektləri arasında mübarizədir. Rəqabət eynicinsli məhsulların istehsalı və ya eyni xidmət sferasında fəaliyyət göstərən subyektlər arasında baş verir.

Rəqabət istehsalçıların öz istehsalını, texnologiyasını təkmilləşdirməyə, əmtəənin keyfiyyətini yaxşılaşdırmağa və alıcılara yüksək səviyyəli xidmətlər göstərməyə vadar edir. Bəzən rəqiblərin çox olması, bəzən də dempinq – hədsiz dərəcədə ucuzlaşma halına gətirib çıxarır ki, bu zaman məhsul maya dəyərindən xeyli ucuz qiymətə satıla bilər. Bu hal müəssisələrin müflis olmasına səbəb olur.

Информация о работе Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmişdir